Babək rayonunda yeniyetmələrin və onların valideynlərinin iştirakı ilə “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə ailə dəyərləri, erkən nikahın fəsadları, evlilik öncəsi zəruri tibbi prosedurlar və sağlamlıq məsələləri müzakirə olunub.
Nazirliyin əməkdaşı Azadə Əliyeva, rayon İcra Hakimiyyətinin nümayəndəsi Fuad Mirzəyev, Gənclər və idman idarəsinin rəisi Elvin Əliyev və həkim Həqiqət Adıgözəlovanın qatıldığı tədbirdə mövzu ilə bağlı fikirlər səsləndirilib. Çıxışlarda Azərbaycanda formalaşan ailə institutu barədə danışıb, zəngin ailə ənənələrinin, dəyərlərinin, yaşadılması və gənc nəsil arasında təbliği ilə bağlı fikirlərini bölüşüblər. Dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünya görüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı görülən işlər, ailə modelinin qorunması ilə bağlı tətbiq olunan hüquqi mexanizm və bu sahədə həyata keçirilən tədbirlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Erkən nikahlar, onların törətdiyi sosial və psixoloji fəsadlar barədə fikirlər səsləndirilib.
Həkim ailə qurmaq ərəfəsində olan gənclərin diqqət edəcəyi məsələlər barədə danışıb, evlilikdən öncə tərəflərin bütün zəruri tibbi yoxlanışlardan keçməsinin vacibliyini önə çıxarıb.
Diskussiya formatında davam edən tədbirdə gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.